ELM VƏ TƏHSİL
Azərbaycan alimi Moskvada konfransda çıxış edib
Moskva, 17 aprel, AZƏRTAC
Moskvadakı İncəsənət və İnformasiya Texnologiyaları İnstitutunda “Elmşünaslığın, mədəniyyətin, təhsilin, iqtisadiyyatın, informatikanın aktual problemləri və sosial transformasiyalar - 2017” mövzusuna həsr edilmiş XIV beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda təhsil, mədəniyyət, iqtisadiyyat və sosial-mədəni fəaliyyət sahəsində nəzəri və praktiki tədqiqatların nəticələri, habelə informatikada innovasiyalı yanaşmalar və texnologiyalar təqdim edilib.
Konfransın işində Azərbaycan alimi, fəlsəfə elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq məsələlər üzrə müavini Ariz Gözəlov da iştirak edib. Azərbaycan aliminin “Azərbaycan multikulturalizmi” mövzusunda məruzəsi böyük maraqla qarşılanıb.
Konfransda “Sankt-Peterburq Brahma Kumaris Mərkəzi” regional mədəni maarifçilik ictimai təşkilatının direktoru Santoş Kukreca, Fundamental Elmlər Akademiyasının prezidenti Andrey Tyunyayev, K.Q.Razumovski adına Moskva Dövlət Texnologiyalar və İdarəetmə Universitetinin birinci prorektoru Vladislav Tarasenko və başqaları da çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva