ELM VƏ TƏHSİL
Azərbaycan alimi Qazaxıstanda mükafatlandırılıb
Bakı, 27 aprel, AZƏRTAC
Qazaxıstanın Karaqanda şəhərində “Fitokimya” beynəlxalq elmi praktiki mərkəzinin iyirmi illik yubileyinə həsr edilmiş “Fitokimyanın nailiyyətləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi, Səhiyyə Nazirliyi, Sosial İnkişaf Nazirliyi, Qazaxıstan Milli Elmlər Akademiyası və Karaqanda vilayəti İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan konfransda dövlət nümayəndələri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qırğızıstan, ABŞ, Çin, Pakistan, Çexiya, Rusiya, Belarus və Qazaxıstanın bir sıra elmi tədqiqat təşkilatlarının 150-dən çox aparıcı alimi iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi, professor Siracəddin Sərkərov tədbirin təşkilatçılarının xüsusi dəvəti ilə konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı alimin “Kiçik molekulalı birləşmələrin xemotaksonomik əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib.
Həmçinin, tədbir zamanı S.Sərkərov 80 illik yubileyi münasibətilə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin “Elmin inkişafında xidmətlərinə görə nişanı” ilə təltif olunub və ona Qazaxıstanın milli geyimi hədiyyə edilib.