ELM VƏ TƏHSİL
Azərbaycan alimi “SEAB-2017. Avrasiyada biomüxtəliflik” simpoziumuna həmsədrlik edəcək
Bakı, 30 yanvar, AZƏRTAC
İyulun 5-dən 8-dək Belarusun paytaxtı Minskdə “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
AMEA-dan AZƏRTAC-a verilən məlumata görə, “SEAB-2015. Avrasiyada biomüxtəliflik” mövzusunda birinci beynəlxalq simpoziumun keçirilməsi təşəbbüsü Dendrologiya İnstitutu tərəfindən irəli sürülüb və ilk dəfə 2015-ci il iyunun 1-dən 5-dək Bakıda baş tutub. Beynəlxalq simpozium 2016-cı ildə isə Türkiyənin Pamukkale Universitetində təşkil olunub. Simpoziumun növbəti illərdə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi və Rusiya Dövlət Aqrar Universitetində keçirilməsi nəzərdə tutulur.
Əsas məqsəd Avrasiyada elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək fikir mübadiləsi, müzakirələr aparmasına şərait yaratmaqdır. Simpoziumda Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması mövzuları əsas müzakirə obyekti olacaq.
Tədbirdə 100-dən artıq alim və mütəxəssis təqdimatla çıxış edəcək. Seçilmiş mövzular impakt faktorlu “IJSM” jurnalında “Avrasiyada biomüxtəliflik” simpoziumu adı altında dərc olunacaq. Simpozium çərçivəsində muzeylərə, dendroloji parklara səyahətlərin təşkili də nəzərdə tutulur.
“SEAB–2017. Avrasiyada biomüxtəliflik” simpoziumunun həmsədrləri - AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədov (Dendrologiya İnstitutu, Azərbaycan), Ramazan Məmmədov (Pamukkale Universiteti), Boladxan Zayadxan ( Al-Farabi Qazaxıstan Milli Universiteti), Yelena Kalaşnikova (Rusiya Dövlət Aqrar Universiteti) və İqor Semakdır (Belarus Dövlət Universiteti).
Tezislər aprelin 14-dək qəbul olunacaq.