ELM VƏ TƏHSİL
Azərbaycan alimi Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin mükafatına layiq görülüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK) ən nüfuzlu mükafatlarından olan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu mükafat alimə səmərəli və aktual elmi tədqiqatlarına görə verilib.
Professor A.Səlimov Bakı Dövlət Universitetində çalışıb və 1998-ci ildə Kazan Dövlət Universitetində “Həndəsə və topologiya” ixtisası üzrə doktorluq dissertasıyası müdafiə edib. 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışan alim hazırda bu ali məktəbin professorudur.
A.Səlimov tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metodu ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. O, 100-dən çox elmi əsərin müəllifidir. Əsərləri Türkiyə, ABŞ, Yaponiya, Koreya Respublikası, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Polşa və digər ölkələrin SCIE kateqoriyalı nüfuzlu elmi jurnallarında çap olunub. Layihə rəhbəri olduğu üç layihə TÜBİTAK-ın qrantlarını alıb. Onun “Tensor operators and their applications” kitabı 2013-ci ildə Türkiyədə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülüb.