SİYASƏT
Azərbaycan alimi beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə edib
Kiyev, 27 mart, AZƏRTAC
Ukrayna Diplomatik Akademiyasında (UDA) “Qloballaşma çağırışları və çoxtərəfli diplomatiya” mövzusunda III Beynəlxalq gənclər forumu keçirilib. UDA və Ukrayna XİN tərəfindən təşkil olunmuş forumda akademiyanın rektoru, professor Nikolay Kuliniç, Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Şimkiv, Avropa İttifaqının Kiyevdəki nümayəndəliyinin rəhbəri Yan Tombinski, GUAM-ın baş katibi Valeri Çeçelaşvili və başqaları məruzələr ediblər.
Həmvətənimiz – hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev beynəlxalq konfransın yüksək tribunasından “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iyirmi illik ikili standartı” mövzusunda geniş analitik məruzə ilə çıxış edib.
ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən bəhs edən azərbaycanlı alim təəssüflə bildirib ki, bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan məmurlar tarixi, münaqişənin haradan qaynaqlandığını axıradək bilmirlər. Professor deyib: “Aydındır ki, Minsk qrupunun həmsədrləri yalnız müvafiq xarici siyasət idarələrinin orta səviyyəli məmurlarıdır, lakin onların təmsil etdikləri dövlətlər dünyanın ən qüdrətli dövlətləridir və bu dövlətlər beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinə, ATƏT-in, AŞPA-nın sənədlərinə uyğun olaraq öz tutarlı sözlərini çoxdan deməli idilər. Təsirli təzyiq göstərilmədən prosesi donma nöqtəsindən çıxarmaq mümkün olmayacaq”.
O daha sonra xatırladıb ki, Azərbaycan birmənalı şəkildə beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara əsaslanan bütün beynəlxalq normalara söykənir. Onun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz bu hüquqi müstəvi üzərində həll edilməlidir.
Azərbaycan alimi xüsusi olaraq vurğulayıb ki, Avropa İttifaqının ikili standartları indi, iyirmi beş ildən sonra da özünü büruzə verir. Aİ bir dəfə də olsun, Azərbaycana işğal olunmuş rayonların təcavüz nəticəsində dağıdılmış infrastrukturunun bərpasında öz köməyini təklif etməyib, təcavüzkar, vandal və talançı dövlətə qarşı sanksiyalar tətbiq edilməsindən isə heç danışmırıq. Belə münasibəti və daim aciz Minsk qrupuna istinad etməsi ilə Avropa İttifaqı da münaqişənin dinc yolla nizama salınmasında irəliləyişin olmamasına görə Ermənistanla birlikdə məsuliyyət daşıyır.
A.Quliyev məruzəsində xüsusi qeyd edib ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə barışmayıb. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu prinsipləri, onun müdrik və səmərəli daxili və xarici siyasətini rəhbər tutaraq Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş siyasət yeridir.
Professor çıxışının sonunda deyib: “Avropa Şurasına daxil olarkən Azərbaycan Dağlıq Qarabağ ətrafında münaqişənin nizama salınmasının yalnız dinc yollarından istifadə etməyi öhdəsinə götürsə də, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar nəzərəçarpacaq nəticələr verməsə, ermənilər tərəfindən işğal olunmuş ərazilərini müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır. Dünya ictimaiyyəti Ermənistana təsir göstərməli və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına kömək göstərməlidir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev