ELM VƏ TƏHSİL
Azərbaycan aliminə “Vətən övladı” ordeni təqdim olunub
Bakı, 18 yanvar, E.Hüseynov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu elmi şurasının üzvü, hüquq elmləri doktoru, professor Namiq Əliyev “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi “Vətən övladı” ordeninə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də institutda professor N.Əliyevə mükafatın təqdim olunması mərasimi keçirilib.
Bu mükafat Vətənimizin inkişafı uğrunda elmi-mədəni xidmətlərinə, Azərbaycanın Qarabağ ərazisinin erməni işğalçılarından azad olunması istiqamətində verdikləri töhfəyə, işğal edilmiş torpaqlarımızla bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, geniş elmi-maarifçilik və təşviqat işlərinə görə ictimai-siyasi xadimlərə, alim və tədqiqatçılara verilir.
Tədbirdə Hüquq və İnsan Haqları İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Lalə Əhmədova bildirib ki, N.Əliyev ölkəmizdə hüquq elminə sanballı töhfələr vermiş insandır. O, harada və hansı sahədə işləməsindən asılı olmayaraq, həmişə əsl vətəndaş, əsl alim mövqeyindən çıxış edib, Vətəninə, xalqına vicdanla xidmət göstərib. N.Əliyev Hüquq və İnsan Haqları İnstitutu ilə daim sıx əlaqə saxlayıb, Gürcüstanda və Moldovada səfir işlədiyi müddətdə də Azərbaycana hər gəlişində bu elm müəssisəsinin tədbirlərində fəal iştirak edib. O, Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun təsis etdiyi “Dirçəliş-XXI əsr” jurnalının redaksiya heyətinin üzvüdür.
Vurğulanıb ki, N.Əliyev 1995-ci ildə Azərbaycan Konstitusiyası layihəsinin, eləcə də parlament tərəfindən qəbul edilmiş yüzdən çox qanun layihəsinin hazırlanmasında fəal iştirak edib.
Təqdimat mərasimində “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov qeyd edib ki, N.Əliyev altı beynəlxalq akademiyanın həqiqi üzvü, dörd xarici universitetin isə fəxri doktorudur. İndiyədək Azərbaycanda müxtəlif dövlət qurumlarında yüksək vəzifələr tutub. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisəsinin təhqiq edilməsi üzrə deputat-istintaq komissiyasının üzvüdür. Onun 20 monoqrafiyası, yüzdən çox elmi, publisistik məqaləsi çap olunub. Alimin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” monoqrafiyası yeddi ölkədə müxtəlif dillərdə işıq üzü görüb. Kişineuda Moldova dilində nəşr olunan bu kitab 2012-ci ildə Moldovanın Mədəniyyət Nazirliyi və UNESCO-nun Moldova Milli Komissiyası tərəfindən diplomla mükafatlandırılıb.
Mərasimdə çıxış edənlər professor N.Əliyevin elmi, pedaqoji, diplomat kimi fəaliyyətindən bəhs edib və bildiriblər ki, alimin kitabları, elmi-metodik işləri həm Azərbaycanda, həm də Avstriya, Belçika, Macarıstan, Polşa, Rumıniya, Fransa və s. kimi ölkələrdə nəşr olunub və böyük maraqla qarşılanıb.
Sonra mükafat sahibinə təqdim edilib.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, alimlər, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.