MƏDƏNİYYƏT
Azərbaycan alimini Bişkekdə beynəlxalq konfransda mükafata layiq görülüb
Bişkekdə böyük qırğız şair, bəstəkar və akını Toktoqul Satılqanovun 150 illik yubileyinə həsr olunan beynəlxalq konfransda Azərbaycan alimi mükafata layiq görülüb.
Tədbirdə Qırğızıstan prezidenti Almazbek Atambayevin konfrans iştirakçılarına təbriki məktubu oxunub.
Qırğızıstan baş nazirinin müavini Elvira Sariyeva bildirib ki, 2014-cü il TÜRKSOY tərəfindən “Toktoqul ili” elan olunub. Yaratdığı əsərlərdə qırğız xalqının sevinc və kədərini ifadə edən ədibin zəngin irsi bütün dünyada maraqla qarşılanır.
Azərbaycanı bu möhtəşəm tədbirdə təmsil edən Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Ramiz Əsgər çıxış edərək Toktoqul Satılqanovun sənət dünyasından, ölkələrimiz arasındakı ədəbi əlaqələrdən söz açıb. Azərbaycan alimi Toktoqul Satılqanovun ana dilimizə çevirdiyi “Şeirə, nəğməyə çevrilən ömür” adlı kitabını qırğız elmi-ədəbi ictimaiyyətinə təqdim edib. Bu sanballı töhfəyə görə TÜRKSOY Ramiz Əskəri Toktoqul Satılqanovun 150 illiyi münasibətilə təsis etdiyi yubiley medalı ilə təltif edib.
Konfrans çərçivəsində şairin vətəni Kətmən-Töbödə də festival təşkil olunub. Qırğızıstan hökuməti şairin sənətinin təbliğinə və tədrisinə görə Ramiz Əskəri Beynəlxalq Toktoqul Fondunun təsis etdiyi yubiley medalı ilə mükafatlandırıb.
Yubiley mərasimində qırğız alimi, professor Gülzura Cumakunovanın “Toktoqul” adlı kitabının təqdimatı keçirilib.
Bu kitab türk, Azərbaycan, qazax, özbək və türkmən dillərinə eyni vaxtda tərcümə olunaraq nəşr edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek