MƏDƏNİYYƏT
Azərbaycan alimləri Batumidə keçirilmiş forumda iştirak etmişlər
Bakı, 7 dekabr (AZƏRTAC). Gürcüstanın Batumi şəhərində “Bələdçi-tərcüməçilərin hazırlanması və Qafqaz ölkələrinin ümumi birliyinin yaradılması” mövzusunda forum başa çatmışdır.
Forumun işində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı, o cümlədən Azərbaycan Turizm İnstitutunun turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Nəsir Nəsirli iştirak etmişdir.
N.Nəsirli AZƏRTAC-a bildirmişdir ki, ölkəmizin təmsilçiləri forumda “Azərbaycanın ekoturizm marşrutları”, “Azərbaycan və regionda sərhədyanı turizm”, “Bələdçi-tərcüməçilərin hazırlanmasının elmi əsasları” mövzularında məruzələrlə çıxış etmişlər. Eyni zamanda, Azərbaycanın ekoturizmi ilə bağlı təqdimat iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədbirin sonuncu günündə Qafqaz regionunda turizm bələdçilərinin fəaliyyətini tənzimləyən assosiasiyanın yaradılması qərara alınmış və növbəti forumun Azərbaycanda, yaxud Türkiyədə keçirilməsi nəzərdə tutulmuşdur.