ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Belçikada ezamiyyətdə olublar
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov və Genetik Ehtiyatlar İnstitutu direktorunun müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Belçikanın paytaxtı Brüsseldə ezamiyyətdə olublar.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində Azərbaycan alimləri Avropa İttifaqının Mari Skladovskaya-Küri proqramı üzrə milli əlaqələndirici şəxslərin iclasında iştirak ediblər.
Dünyanın 30-dan artıq ölkəsindən olan nümayəndələrin iştirak etdikləri tədbirdə qeyd olunan proqram üzrə təqdimatlar dinlənilib, layihələrdə iştirakla bağlı qaydalar diqqətə çatdırılıb. Bildirilib ki, Mari Skladovskaya-Küri proqramı üzrə elmi-tədqiqat və doktorantura təhsili üçün müxtəlif səviyyələrdə qrantlar ayrılır, gənc alimlərin dünyanın müxtəlif elmi mərkəzlərində təcrübə keçməsinə şərait yaradılır.
Qeyd edək ki, Azərbaycan Avropa İttifaqının Mari-Skladovskaya Küri proqramı üzrə təlim və seminarlarda fəal iştirak edərək cari ildə bir neçə layihənin təqdimatını planlaşdırır.