ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Çexiyada beynəlxalq tədbirdə iştirak edirlər
Bakı, 30 iyun AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) prezidenti, akademik İbrahim Quliyev Çexiyada Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 26-ci Baş Assambleyasının iclasında iştirak edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, 100-dən artıq ölkədən 4.300 nümayəndənin iştirak etdiyi Baş Assambleyanın işi çərçivəsində akademik İ.Quliyev Türkiyə, Rusiya, Gürcüstan, Hindistan və Macarıstandan olan alimlərlə bir sıra görüşlər keçirib. Görüşlərdə hazırkı elmi əlaqələrin vəziyyəti və gələcəkdə yeni istiqamətlərin yaradılması məsələləri müzakirə edilib.
İyulun 2-dək davam edəcək tədbirdə AMGGK-nin baş katibi, AMEA rəyasət heyəti beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, komitənin Beynəlxalq Seysmologiya və Yer Təkininin Fizikası Assosiasiyasının milli nümayəndəsi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov da istirak edirlər.
Assambleyanın iş planına uyğun olaraq, Q.Yetirmişli “2012-2014-cü illər ərzində Azərbaycanda baş vermiş güclü zəlzələlərin seysmik moment tenzorun hesablanması üçün təyin edilmiş alqoritm”, A.Muxtarov “Azərbaycanda bəzi geotermal quyuların energetik resursları”, “Temperatur paylanma modelləri” və “Azərbaycan ərazisinin temperatur və istilik seli məlumatları” mövzularında məruzələrlə çıxış edəcəklər. Həmçinin Assambleyanın şura iclasında Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin rəhbərliyi BGGİ-nın prezidentinin, vitse-prezidentinin, baş katibinin, xəzinədarının, büro və maliyyə komitəsi üzvlərinin dörd il müddətinə seçilməsi, eyni zamanda, 27-ci Baş Assambleyanın 2019-cu ildə hansı ölkədə keçirilməsi ilə bağlı seçkilərdə iştirak edəcək.
Baş Assambleya işini BGGİ-nın assosiasiyalarının plenar yığıncaqları ilə davam etdirir.