ELM VƏ TƏHSİL
Azərbaycan alimləri “Elm və texnologiya konqresi”ndə çıxış edəcəklər
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları oktyabrın 3-dən 6-dək Ankarada keçiriləcək "Elm və texnologiya konqresi”ndə çıxış edəcəklər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Azərbaycanda elm və yeni informasiya iqtisadiyyatının strateji hədəfləri”, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev “Türk dünyasında informasiya texnologiyaları mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq” mövzularında məruzələrlə çıxış edəcəklər.
Tədbirin keçirilməsinin əsas məqsədi türk dünyasında elmin hazırkı vəziyyəti və elm adamları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsinin müzakirəsidir.
Konfransda iştirakçı alim və mütəxəssislər türk dünyasında elm və texnologiyanın inkişafı, əsas strateji hədəflər və mövcud problemlərə dair müzakirələr aparacaq, fikir və təcrübələrini bölüşəcəklər.