CƏMİYYƏT


Azərbaycan beynəlxalq humanitar hərəkatın fəal iştirakçısıdır

Abu Dabi, 16 iyun, AZƏRTAC 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi aclıq çəkən Somali uşaqlarına yardım məqsədi daşıyan “Diplomatic Charity Suhur” xeyriyyə aksiyasında iştirak edib. Aksiya Abu Dabidə akkreditə olunmuş bir qrup diplomatın xanımları tərəfindən müqəddəs Ramazan ayında Beynəlxalq Qızıl Aypara Cəmiyyəti ilə birgə təşkil edilib. Şarcə Əmirliyinin şeyxinin xanımı Xanə Al-Kasimi xeyriyyə aksiyasında fəxri qonaq kimi iştirak edib.

Tədbir çərçivəsində Xanə Al-Kasimi ilə Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarovanun görüşü olub. Ü.Şikarova ona ölkəmizin humanitar siyasətindən və xalqımızın qədim xeyriyyəçilik ənənələrindən danışıb. O, Heydər Əliyev Fondunun irimiqyaslı fəaliyyətini xüsusi vurğulayaraq bildirib ki, Fondun prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ölkədə və xaricdə çoxsaylı humanitar və xeyriyyə layihələri həyata keçirilir.

Aksiya Somali uşaqlarına yardım fonduna vəsait keçirilməsini, milli rəmzli malların satışını və viktorina keçirilməsini ehtiva edib. İştirakçı ölkələrin diplomatlarının xanımları viktorinanın qaliblərinə xatirə hədiyyələri təqdim ediblər.

Azərbaycan səfirinin xanımı Ü. Şikarova milli rəmzli hədiyyələr – kəlağayılar, kiçik suvenir xalçalar, xalq çalğı alətləri - tar və kamançanın miniatür nümunələrini və digər hədiyyələr təqdim edib.

Ü.Şikarova bildirib ki, Azərbaycan beynəlxalq humanitar hərəkatın fəal üzvüdür və ehtiyacı olan ölkələrə yardım məqsədi daşıyan beynəlxalq xeyriyyə aksiyalarında daim iştirak edir. Onun sözlərinə görə, təkcə 2011-ci ildə Somalinin məruz qaldığı aclıq ilə əlaqədar bu Afrika ölkəsinə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 100 min dollar məbləğində humanitar yardım göstərilməsini xatırlatmaq kifayətdir. Səfirin xanımı deyib: “Lap bu yaxınlarda, aprel ayında Azərbaycan dövlətimizin başçısının tapşırığı ilə Cibutiyə ümumi çəkisi 76 ton olan müxtəlif ərzaq məhsulları və 20 ton içməli su göndərib. Belə nümunələr çoxdur. Odur ki, Azərbaycan səfirliyinin Abu Dabidə xeyriyyə aksiyasında iştirakı tamamilə təbiidir və təkcə ölkəmizin humanitar siyasətinin tərkib hissəsi deyildir, həm də xalqımızın ehtiyacı olanlara əl tutmaq kimi kökü qədimlərə gedib çıxan ənənələrindən qaynaqlanır”.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.