ELM VƏ TƏHSİL
Azərbaycan beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 24 fevral, AZƏRTAC
“Onlayn Dünya Florası”nın Missuri Botanika Bağı (ABŞ) tərəfindən Cenevrə şəhərində (İsveçrə) təşkil olunmuş növbəti beynəlxalq seminarında Azərbaycan ilk dəfə rəsmi üzv kimi iştirak edib.
AMEA-nın Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə ölkəmizi institutun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aida Dadaşova təmsil edib.
Seminarın əsas məqsədi BMT-nin Biomüxtəliflik Konvensiyasının (CBD) Bitkilərin Qorunmasının Qlobal Strategiyası Hədəf 1 (GSPC Target 1) “Məlum bitki növlərinin elektron floritstik siyahısı” üzrə dünya florasının məlum bitki növlərinin siyahılarının tərtib edilməsinin, nəşr olunmuş və olunacaq dünya floralarının onlayn elektron nüsxələrinin kütləvi istifadəyə verilməsinin müzakirəsi idi.
Qeyd edək ki, “Onlayn Dünya Florası” çərçivəsində 25-dən çox ölkə əməkdaşlıq edir. Dünya florasının ümumi məlum siyahısının tərtibi ictimai, ekoloji və iqtisadi problemlərin həlli ilə yanaşı, itmə təhlükəsi altında olan bitki növlərinin mühafizə edilməsi baxımından çox aktualdır.