İDMAN
Azərbaycan birinci Avropa Oyunlarında 17-ci qızıl medal sevincini də yaşadı VİDEO
Bakı, 26 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
Azərbaycanı boksçuları iyunun 26-da milli komandamızın birinci Avropa Oyunlarında 17-ci qızıl medalını qazanıblar.
AZƏRTAC xəbər verir ki, boks yarışlarında 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Kollazo Sotomayor gərgin keçən final qarşılaşmasında Olimpiya Oyunlarının bürünc mükafatçısı italiyalı Vinçenzo Manyakapreni 3:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallar almaniyalı Kastriot Sopaya və Ukraynalı Viktor Petrova nəsib olub.
Fəxri kürsüdə yer alan idmançılara medalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Qalib idmançının şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
K.Sotomayor birinci Avropa Oyunlarında çempionluğa gedən yolda bütün rəqiblərinə tam üstünlüklə - 3:0 hesabı ilə qalib gəlib. O, onaltıdabir finalda sloveniyalı Edin Seydinoviçi, növbəti mərhələdə moldovalı Dmitri Qalaqotu, dörddəbir finalda rumıniyalı Daniel Nikuleskunu və yarımfinalda ukraynalı Viktor Petrovu məğlubiyyətə uğradıb.
AZƏRTAC-ın arayışı: Otuz yaşlı Kollazo Sotomayor idman karyerasına 2000-ci ildə başlayıb. O, 2013-cü və 2014-cü illərdə Azərbaycan çempionatlarının qalibi olub. İdmançının əsas məqsədi Olimpiya Oyunlarının çempionu adını qazanmaqdır.
“Qəbələ” idman klubunun üzvü olan boksçunun şəxsi məşqçisi Lazaro Martinezdir.