ELM VƏ TƏHSİL
Azərbaycan bitki genetik ehtiyatlarının sənədləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) alimləri ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqsəd Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi və milli genbankın məlumat bazası ilə yaxından tanışlıq, sistemin daha da inkişaf etdirilməsi və dünya şəbəkələrinə inteqrasiyası, müvafiq sahələrdə beynəlxalq təşkilatlarla birgə aparılan tədqiqatların və əməkdaşlığın dərinləşdirilməsi olub.
Z. Əkpərov institutda görülən işlər, əldə edilən uğurlardan danışaraq beynəlxalq təşkilatlarla əməkdaşlığa ciddi önəm verildiyini vurğulayıb.
Qonaq alimlər GEİ-də və milli genbankda informasiya texnologiyalarının intensiv tətbiqindən və yerli mütəxəssislərin işindən məmnun olduqlarını bildirib, bitki genetik ehtiyatlarının sənədləşdirilməsi üzrə Azərbaycanda toplanmış zəngin təcrübənin yayılmasının vacibliyinə diqqəti çəkiblər. Alimlər növbəti mərhələdə informasiya sistemində genomiks məlumatlarının, molekulyar səviyyədə aparılan tədqiqatların nəticələrinin yer alması ilə bağlı institutun planlarını təqdir edib, bu işdə beynəlxalq təşkilatların dəstəyinə çalışacaqlarını söyləyiblər.