İDMAN
Azərbaycan boksçusu “AİBA Pro Boxing” turnirində ikinci qələbəsini qazanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının “AİBA Pro Boxing” (APB) turniri çərçivəsində 91 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, döyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.
Rinqə əvvəlcə ukraynalı Sergey Verveyko və rusiyalı Maqomed Omarov çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rusiyalı idmançı rəqibini məğlub edib.
İkinci görüş Mərakeş təmsilçisi Mohammed Arjaoui və fransalı Toni Viktor James Yoka arasında keçirilib. Üstünlük nümayiş etdirən Mohammed Arjaoui APB turnirində qələbə qazanıb.
Digər döyüşdə Rumıniya boksçusu Mihay Nistor və almaniyalı Erik Pfeifer ilə üz-üzə gəlib. Bu görüş Erik Pfeiferin qələbəsi ilə yekunlaşıb.
Günün sonuncu qarşılaşması isə Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov ilə misirli Ahmed Samir arasında keçirilib. Rəqibini nokautla məğlub edən Məhəmmədrəsul Məcidov APB turnirində ikinci qələbəsini qazanıb.