İDMAN
Azərbaycan boksçusu Cavid Çələbiyev Avropa çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib
Bakı, 19 iyun, AZƏRTAC
Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Litva təmsilçisi Edqaras Skurdelislə üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. C.Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib.
O, səkkizdəbir finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.
Cavid Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. Səkkizdəbir finala gedən yolda rusiyalı Müslim Hacımaqomedovla qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.
Daha bir təmsilçimiz - Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız səkkizdəbir finalda İrlandiya boksçusu Emmet Brennanla mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2.
Kamran Şahsuvarlı Brennan ilə iyunun 20-də qüvvəsini sınayacaq.