İDMAN
Azərbaycan boksçusunun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşib
AZƏRTAC xəbər verir ki, dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır. Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu, rusiyalı Məhəmməd Omarov, iki dəfə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Erik Pfeyfer və WSB (Dünya Boks Seriyası) liqasının döyüşlərində pis təsir bağışlamayan rumıniyalı Mihay Nistor olacaq.
M.Məcidov artıq iki dəfə M.Omarov ilə üz-üzə gələrək, hər iki qarşılaşmada qalib gəlib. Boksçumuz Rusiya nümayəndəsini həm London Olimpiadasının dörddəbir finalında, həm də ötən il Almatıdakı dünya çempionatında məğlub edib.
Superağır çəki dərəcəsində Fakundo Sezar Ghiglioni (Argentina), Sergey Verveyko (Ukrayna), Ouatah Nevfel (Fransa) və Məhəmməd Arjaoui (Mərakeş) də birincilik uğrunda mübarizə aparacaqlar.
M.Məcidovdan başqa Braziliya Olimpiadasına lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da güclərini sınayacaqlar. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Astanada olacaq.
Superağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək.