İQTİSADİYYAT
Azərbaycan böyük təbii qaz layihələri ilə dünyanın diqqət mərkəzindədir
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan artıq mühüm neft ixracatçısı olmaqla yanaşı, həyata keçirdiyi böyük təbii qaz layihələri ilə də dünyanın diqqət mərkəzinə çevrilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Amerikanın Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda İstanbulda keçirilən 6-cı sammitinin sessiyasında çıxışında deyib. Sammitdə ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Türkiyənin Baş naziri Əhməd Davudoğlu da iştirak ediblər.
İki ay əvvəl Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizinin gələcək perspektivləri haqqında ətraflı məlumat verən R.Abdullayev qeyd edib ki, bu dəhliz vasitəsilə Avropa davamlı, təmiz və alternativ enerjiyə sahib olacaq. “Avropadakı təbii qaz tələbatının 2030-cu ildə 610 milyard kubmetrə, təbii qaz idxalatının isə illik 400 milyard kubmetrə yüksələcəyi təxmin edilir ki, bu da “Cənub” qaz dəhlizinin önəmini artırmaqdadır” – deyə ARDNŞ-in prezidenti qeyd edib.
“Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi Azərbaycan və Türkiyənin ortaq həyata keçirdiyi TANAP layihəsindən danışan R.Abdullayev bildirib ki, Türkiyənin 2023-cü il hədəflərinə çata bilməsi üçün enerji sektoruna təxminən 100-120 milyard dollar məbləğində investisiya qoyulmalıdır. TANAP-ın sərmayə dəyəri 10-12 milyard dollar təşkil edir. Deməli, TANAP Türkiyənin enerji sektorunda ehtiyac duyulan investisiya tutarının 10 faizini təkbaşına təmin edəcək.
“ARDNŞ-in Türkiyədəki investisiyalarına TANAP-ı da əlavə etsək, hədəflədiyimiz 20 milyard dollarlıq yatırım ilə bu ehtiyacın 20 faizini ödəyə biləcəyimizi düşünürük. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə qardaşlıq və strateji əməkdaşlığa verdiyi önəmin ən bariz göstəricisidir” – deyə R.Abdullayev vurğulayıb.
ARDNŞ-in prezidenti “Cənub” qaz dəhlizinin son halqası olan Trans-Adriatik boru kəməri (TAP) layihəsi haqqında da danışaraq qeyd edib ki, Türkiyə-Yunanıstan sərhədindən başlayan, Albaniyadan keçərək İtaliyaya uzanacaq bu kəmər TANAP-la nəql olunacaq Azərbaycan qazını Avropaya daşıyacaq.
R.Abdullayev ARDNŞ-in bölgənin daha yüksək inkişafına, regional və qlobal işbirliyinin artırılmasına, bütün dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə olan dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.