SİYASƏT
Azərbaycan brendi olan “ASAN xidmət” İtaliyada böyük maraqla qarşılanıb VİDEO
Roma, 10 dekabr, AZƏRTAC
İtaliyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Romada bir sıra görüşlər keçirib.
İtaliya Baş nazirinin ofisi yanında dövlət idarəçiliyi üzrə departamentin rəisi xanım Pia Markoni ilə keçirilən görüşdə İ.Kərimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Eyni zamanda, bu islahatların tərkib hissəsi olan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, strukturu, ölkəmizdə “elektron hökumət” sahəsində görülən digər tədbirlər barədə ətraflı söhbət açıb. İ.Kərimov deyib: “ASAN xidmət” vahid məkandan dövlət və özəl xidmətlərin göstərilməsi üzrə Azərbaycan modelidir. Xidmətlərin keyfiyyətinin daim ölçülməsi, vətəndaş rəyi əsasında təkmilləşdirmənin təmin edilməsi Azərbaycan brendi olan “ASAN xidmət”in üstün cəhətlərindən biridir”.
İ.Kərimov əlavə edib ki, “ASAN xidmət”in təqdim etdiyi funksional və yardımçı xidmətlər vətəndaşlara daha rahat, şəffaf və əlçatan şəkildə çatdırılır. İndiyədək 7 milyondan çox vətəndaşa xidmət göstərilib və məmnunluq səviyyəsi 98 faiz təşkil edir. “ASAN xidmət” mərkəzlərinin göstərdiyi xidmətin səmərəliliyini artırmaq və vətəndaşları razı salmaq, gözləntiləri daim doğrultmaq əsas prioritetlərdəndir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə P.Markoni “ASAN xidmət” təcrübəsinin olduqca maraqlı və qeyri-adi model olduğunu vurğulayıb. O, İtaliyanın müvafiq istiqamətdə fəaliyyət göstərən qurumları haqqında məlumat verib. Diqqətə çatdırıb ki, hər iki ölkədə dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin həyata keçirilməsi vacibdir.
Görüşdə İnam Kərimov və Pia Markoni İtaliya Baş nazirinin ofisi yanında dövlət idarəçiliyi üzrə departamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Səfər çərçivəsində Romada fəaliyyət göstərən “Link Campus” Universitetində olan İ.Kərimov bu ali təhsil ocağının prezidenti, İtaliyanın sabiq daxili və xarici işlər naziri Vinçenzo Skotti ilə görüşüb.
Söhbət zamanı “ASAN xidmət” haqqında ətraflı məlumat verən qurumun sədri belə bir modelin dövlət xidmətlərinin göstərilməsi anlayışına yeni yanaşma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uğurlu və unikal model olması baxımından böyük maraq doğuran “ASAN xidmət” BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. “ASAN xidmət” ilə İtaliyanın dövlət idarəçiliyi sahəsindəki elmi institutları arasında da əlaqələrin qurulması hər iki tərəf üçün faydalı nəticələr verəcək.
V.Skotti İtaliyada dövlət xidmətləri göstərən qurumların fəaliyyətinə toxunaraq “ASAN xidmət” modelinin onlarda böyük maraq doğurduğunu qeyd edib. O, institusional səviyyədə də belə bir agentlik ilə əlaqələrin qurulmasından məmnunluğunu bildirib.
Daha sonra İ.Kərimovun “ASAN xidmət” ilə bağlı geniş mühazirəsi dinlənilib. Diqqətə çatdırıb ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşların müraciətlərinə daha qısa zaman kəsiyində baxılması, onlara səmərəli xidmətlərin göstərilməsi və dövlət xidmətlərinin sadələşdirilməsi üçün hər cür şərait yaradılıb. “Mərkəzlərin önəmli cəhətlərindən biri də göstərilən bütün növ xidmətlərin innovativ mahiyyət kəsb etməsidir. Hazırda 9 mərkəz fəaliyyət göstərir ki, onlardan beşi Bakıdadır. Eyni zamanda, səyyar “ASAN xidmət” vasitəsilə mərkəzlərin mövcud olmadığı regionlarda dövlət xidmətlərinin ən yüksək səviyyədə həyata keçirilməsi təmin olunur. Əsas hədəfimiz vətəndaş məmnunluğuna nail olunmasıdır”, - deyə Dövlət Agentliyinin sədri bildirib.
İ.Kərimov “ASAN xidmət”in təşkil etdiyi treninqlərdən, həyata keçirilən digər layihələrdən, o cümlədən “ASAN könüllüləri” layihəsindən də bəhs edib.
Sonra “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.
Geniş müzakirələrlə davam edən tədbirə “Link Campus” Universitetinin professor, müəllim və tələbə heyəti, ekspertlər, diplomatlar və Azərbaycana maraq göstərən İtaliya ictimaiyyətinin nümayəndələri qatılıblar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma