İDMAN
Çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatı başlayıb
Oktyabrın 22-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 50 min manat olan yarışda mayın 2-7-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk yeri tutan “Sərhədçi”, “Ağcabədi”, “Polad”, “Balakən”, “Ağstafa”, “Ağdam”, “Laçın”, “Şəki” və “Kövsər” komandaları mübarizə aparır.
Turnirin ilk oyunu “Kövsər” və “Ağdam” komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Ağdam”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda “Laçın” və “Balakən” kollektivləri qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmadığı üçün əlavə vaxt oynanılıb. Ancaq qalib 11 metrlik cərimə zərbələri seriyasında müəyyənləşib. Penaltiləri dəqiq yerinə yetirən “Balakən” komandası 3:0 hesabı ilə qalib gəlib.
Çövkən yarışında hər komanda biri ehtiyat olmaqla altı oyunçudan ibarətdir. Oyunçulardan ikisi müdafiəçi, üçü isə hücumçu funksiyasını yerinə yetirir. Komandaların üzvləri yalnız milli geyimdə meydana çıxa bilərlər. Geyimlər müəyyən elementlərlə fərqlənməlidir.
Görüş hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarətdir. Qarşılaşmanın birinci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdikdə qalib komandanı müəyyənləşdirmək məqsədilə görüşün əsas vaxtına hər biri 5 dəqiqə (final qarşılaşmasında 10 dəqiqə) olan iki hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda komandalar 11 metrlik beş zərbə yerinə yetirir. Hesab yenə bərabər olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.