İDMAN


Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionatının qızıl medalını qazanıb [YENİLƏNİB]

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC 

Hidayət Heydərov (73 kq) həlledici mərhələdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb.

Digər cüdoçumuz Telman Vəliyev (66 kq) dörddəbir finalda Matteo Medves (İtaliya) ilə üz-üzə gəlib. İtaliyalı idmançıya böyük xal fərqi ilə qalib gələn təmsilçimiz yarımfinalda moldovalı Denis Vieruya uduzub. O, bürünc medal uğrunda görüşdə Aleksander Raskopine (İsrail) də məğlub olaraq çempionatı beşinci pillədə başa vurub.

17:55

Hidayət Heydərov (73 kq) yarımfinalda rusiyalı Sayan Öndər ilə döyüşünü tam üstünlüklə başa vuraraq adını finala yazdırıb. Hidayət həlledici mərhələdə tatami sahibi - İsrail təmsilçisi Tohar Butbulla qızıl medal uğrunda yarışacaq.

Digər cüdoçumuz Telman Vəliyev (66 kq) dörddəbir finalda Matteo Medves (İtaliya) ilə üz-üzə gəlib. Böyük xal fərqi ilə italiyalı idmançını üstələyən təmsilçimiz yarımfinalda moldovalı Denis Vieru ilə döyüşdən məğlub ayrılıb. O, bürünc medal uğrunda görüşdə Aleksander Raskopine (İsrail) ilə qarşılaşacaq.

16:30

Telman Vəliyev (66 kq) səkkizdəbir final döyüşündə ispaniyalı Alberto Martin Qaitero ilə görüşüb. Rəqibindən güclü olan Telman dörddəbir finalda Matteo Medves (İtaliya) ilə qarşılaşacaq. Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) dörddəbir mərhələdə kosovalı cüdoçu Akil Qjakova ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz yarımfinalda rusiyalı Sayan Öndər ilə qüvvəsini sınayacaq.

Səkkizdəbir finalda Yorre Verstraetenlə (Belçika) üz-üzə gələn Davud Məmmədsoy (60 kq) isə çempionatda çıxışını başa vurub.

15:07

Onaltıdabir finalda türkiyəli Bilal Ciloğlu ilə görüşən Telman Vəliyev (66 kq) yarışı qələbə ilə başa vurub. O, səkkizdəbir finalda ispaniyalı Alberto Martin Qaitero ilə görüşəcək.

Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) səkkizdəbir finalda belçikalı Lois Demierbe ilə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız yarımfinal uğrunda döyüşdə kosovalı cüdoçu Akil Qjakova ilə üz-üzə gələcək.

 

13:43

 

Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) onaltıdabir finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qarşılaşıb. İdmançımız rəqibinə heç bir şans verməyib. Rəqibinə 107 saniyəyə ipponla qalib gələn H.Heydərov səkkizdəbir finalda belçikalı Lois Demierbe ilə qarşılaşacaq.

Yığmamızın digər üzvü Davud Məmmədsoy startda erməni Şahen Abaqyanla üz-üzə gəlib. Rəqibindən üstün olan təmsilçimiz ermənistanlı çüdoçunu yuko ilə məğlub edib. D.Məmmədsoy səkkizdəbir finalda Yorre Verstraetenlə (Belçika) qarşılaşacaq.

Telman Vəliyev (66 kq) təsnifat mərhələsində macarıstanlı Martin Veqvariyə qalib gələrək onaltıdabir finala yüksəlib. O, bu mərhələdə türkiyəli Bilal Ciloğlu ilə mübarizə aparacaq.

Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Mehman Sadıqovun ilk qarşılaşması onaltıdabir finala təsadüf edib. Həmyerlimiz mərhələ adlamaq üçün Nikolae Foka (Moldova) ilə münasibətinə aydınlıq gətirib. Döyüş cüdoçumuz üçün uğurlu alınmayıb.

Digər təmsilçimiz Fəqan Quluzadə (73 kq) isə startda serbiyalı Milan Nikoliçə uduzub.

 

12:45

Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb. 

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin beş idmançısı tatami üzərinə çıxacaq.

Mübarizəyə 60 kiloqram çəki dərəcəsində qoşulacaq perspektivli cüdoçumuz Mehman Sadıqovun ilk qarşılaşması onaltıdabir finala təsadüf edəcək. Həmyerlimiz mərhələ adlamaq üçün Nikolae Foka (Moldova) ilə üz-üzə gələcək. Yığmamızın digər üzvü Davud Məmmədsoy isə ilk döyüşünü ermənistanlı Şahen Abaqyana qarşı keçirəcək. Cütün qalibi səkkizdəbir finalda Yorre Verstraetenlə (Belçika) qarşılaşacaq.

Telman Vəliyevə (66 kq) təsnifat mərhələsində (1/32) macarıstanlı Martin Veqvarini rəqib olub. Təmsilçimiz mərhələ adlayarsa türkiyəli Bilal Ciloğlu ilə üz-üzə gələcək.

Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) onaltıdabir finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayacaq. Bu çəkidə digər idmançımız Fəqan Quluzadənin rəqibi isə serbiyalı Milan Nikoliç olacaq.

Qeyd edək ki, millimiz Avropa çempionatına 9 cüdoçu ilə yollanıb. Yarışın ikinci günündə daha dörd təmsilçimiz mübarizəyə qoşulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.