İDMAN


Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub VİDEO

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız Azərbaycan millisinin aktivinə dördüncü qızıl medalı yazdırıblar.

AZƏRTAC xəbər verir ki, dördüncü qızıl medalı Azərbaycana 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə qazandırıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Sinan Sandal və iranlı Alireza Xocasteh layiq görülüblər.

Medalları idmançılara Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim etdi.

Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunlarının çempionu Nicat Şıxəlizadəni təbrik etdi.

Qalib idmançımızın şərəfinə arenada Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, dövlət bayrağımız qaldırıldı.

On yeddi yaşında olarkən - 2004-cü ildə Rotterdamda Avropa çempionatının qızıl medalını qazanan N.Şıxəlizadə növbəti il dünya kubokunun qalibi olub. 2005-ci ildə Qahirədə dünya çempionatının bürünc medalına layiq görülən cüdoçumuz həmin il Avropa birinciliyinin qızıl medalını qazanıb. O, həmçinin 2015-ci ildə “Böyük Dəbilqə” turnirinin, 2012-ci, 2014-cü və 2015-ci illərdə isə Qran-Pri turnirlərinin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.