İQTİSADİYYAT
Azərbaycan daşınmaz əmlak və investisiya yatırmaq istəyən şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir
Bakı, 15 dekabr, AZƏRTAC
Qafqazda güclü iqtisadiyyata və sabitliyə malik olan Azərbaycan daşınmaz əmlak və investisiya yatırmaq istəyən şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu sərgi Azərbaycanın daşınmaz əmlak bazarına öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azerbaijan International Real Estate & Investment Exhibition" (REC-EXPO) şirkətinin rəhbəri Salim Şahin dekabrın 17-də Bakıda açılacaq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Salim Şahin bildirib ki, "ELANEXPO" beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə keçiriləcək sərgidə ilk dəfə xüsusi daşınmaz əmlak və investisiya layihələri nümayiş olunacaq. Daşınmaz əmlak bazarı sahəsində ilk olan bu sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası və Cənubi Afrika Respublikasından 100-dən çox şirkət, o cümlədən yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edəcəklər. Sərgidə qeyd olunan ölkələrdən müxtəlif qiymətlərə evlər təklif olunacaq. Türkiyənin əsasən, İzmir, İstanbul, Ankara, Antalya, Alanya, Trabzon və Samsun şəhərlərində yerləşən evlər sərgidə təklif olunacaq. Bu sərgi Avropa, Yaxın Şərq, Körfəz və Qafqaz ölkələrinin brend layihələrini Azərbaycandakı sərmayəçilərə tanıtmaq üçün böyük bir platforma olacaq, iş adamlarına yeni imkanlar yaradacaq.
"Sərgidə iştirak edəcək xarici şirkətlər Azərbaycandakı daşınmaz əmlak sektoruna investisiya yatırmaq məsələsini müzakirə etmək, iş adamları ilə görüşlər keçirmək kimi imkanlar əldə edəcəklər. Sərginin mühüm iştirakçıları sırasında Azərbaycanın "Gilan", "Chıraq Plaza", "Absheron City" şirkətləri də yer alıb", - deyə S.Şahin diqqətə çatdırıb.
Dekabrın 19-dək davam edəcək sərgidə beynəlxalq nüfuzlu satış agentlərinin, iri investorların, tikinti və daşınmaz şirkətlərinin, eləcə də istehlakçılar və dövlət qurumlarının iştirakı nəzərdə tutulur. Sərgi səhər saat 10-dan 18-dək ziyarətçilərə açıq olacaq.