İQTİSADİYYAT
Azərbaycan dəmir yolları Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilir VİDEO
AZƏRTAC xəbər verir ki, bu fikir “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) dəmiryolçuların peşə bayramı münasibətilə keçirilən təntənəli yığıncaqda səslənib. QSC-nin sədri Arif Əsgərov dəmiryolçuları peşə bayramları münasibətilə təbrik edərək ölkəmizin polad magistralının inkişaf tarixindən bəhs edib. Qeyd olunub ki, hazırda ümumi uzunluğu 2898,9 kilometrə, istismar uzunluğu 2068,1 kilometrə çatan baş yolların 802,3 kilometri ikitərəflidir. İstismar olunan yolun 1240,2 kilometri və ya 60 faizi elektrikləşdirilib, 1650 kilometri isə avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.
Bu ilin doqquz ayında istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı göstəricilər haqqında məlumat verən A.Əsgərov diqqətə çatdırıb ki, dəmir yolunun stansiyalarından 9,4 milyon ton yük göndərilib. Ümumi yük daşımaları 16 milyon ton olub. Daxili daşımalar 4,8 milyon, ixrac 2,9 milyon, idxal 4,9 milyon, tranzit yüklər isə 3,3 milyon ton təşkil edib. Həmin müddətdə dəmir yolu stansiyalarından 1,8 milyon nəfər sərnişin yola salınıb.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə də ətraflı məlumat verən QSC sədri qeyd etdi ki, proqramda ölkənin dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb və qarşıda qoyulan vəzifələrin icrası istiqamətində mühüm addımlar atılıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.
Son illərdə həyata keçirilən layihələrin Azərbaycan dəmir yolunun beynəlxalq aləmə inteqrasiyasında önəmli rol oynayacağını deyən A.Əsgərov Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bu baxımdan xüsusi önəm daşıdığını vurğulayıb.
“Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev peşə bayramımız ərəfəsində bir qrup dəmiryolçunu ali dövlət mükafatları və fəxri adlarla təltif edib. Ölkənin dəmir yoluna və dəmiryolçulara göstərdiyi bu böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarıq”, - deyə A.Əsgərov qeyd edib.
Nəqliyyat nazirinin müavini Musa Pənahov dəmir yolu sahəsində səmərəli fəaliyyətinə görə fərqlənənlərə Prezidentin fərdi təqaüdünün, “Şöhrət” ordeni və “Tərəqqi” medalının, “Əməkdar mühəndis” fəxri adlarının verilməsi haqqında dövlətimizin başçısının sərəncamlarını oxudu.
M.Pənahov ölkəmizdə həyata keçirilən beynəlxalq layihələrdə dəmir yolunun xüsusi rolu olduğunu bildirərək, peşə bayramları münasibətilə dəmiryolçuları təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Fəzail Bağırov, YAP “Azərbaycan Dəmir Yolları” QSC üzrə ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov və başqaları çıxış edərək, ötən dövrdə dəmir yolu sahəsində həyata keçirilən bir sıra mühüm layihələrin əhəmiyyətindən danışdılar. Bildirildi ki, bu gün Azərbaycanın dəmir yolları ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq genişlənir və Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilir.
Çıxışlardan sonra dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə təltif edilən bir qrup dəmiryolçuya Nəqliyyat Nazirliyinin fəxri fərmanı və “Fəxri dəmiryolçu” döş nişanı təqdim edildi.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.