İDMAN
Azərbaycan derbisi heç-heçə başa çatdı
AZƏRTAC xəbər verir ki, qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov oyunun 31-ci gedişində sülh bağlayıblar.
Kubalı Lenyer Dominqes ilə özbəkistanlı Rüstəm Qasımcanovun, amerikalı Hikaru Nakamura ilə rusiyalı Pyotr Svidlerin görüşləri də heç-heçə başa çatıb. İsrail şahmatçısı Boris Gelfand isə Rusiyanın digər nümayəndəsi Dmitri Andreykinə qalib gəlib.
Yevgeni Tomaşevski (Rusiya) – Aleksandr Qrişşuk (Rusiya) və Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (İtaliya) partiyaları hələ davam edir.
Xatırladırıq ki, dairəvi sistem üzrə 11 turdan ibarət olacaq turnir oktyabrın 14-də başa çatacaq.
Dörd mərhələdən ibarət olacaq turnirin hər mərhələsində 12 iştirakçı mübarizə aparacaq. Hər bir şahmatçı üç mərhələdə iştirak edəcək. Hər mərhələnin qalibi 170 xal və 20 min avro, ikinci yeri tutan şahmatçı 140 xal və 15 min avro qazanacaq, üçüncü yeri tutan iştirakçı 110 xal və 13 min avro alacaq və s.
Dörd mərhələnin ümumi yekununa görə iki ən güclü şahmatçı çempion tacına iddiaçıların turnirində çıxış etmək hüququ qazanacaq.