SİYASƏT


Azərbaycan dialoq, tolerantlıq və xalqlararası anlaşma ilə bağlı təcrübəsini bölüşməyə hazırdır

Vyana, 24 may, AZƏRTAC

Mayın 23-24-də Vyana şəhərində “ATƏT-in terrorizmə yol açan radikallaşma və ekstremizm ilə mübarizəsi” mövzusunda konfransı keçirilib.

Dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələrinin, elm adamlarının və ekspertlərin iştirak etdikləri konfransı Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurts açaraq terrorizmlə, ekstremizmlə mübarizədə ölkələr arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Konfrans zamanı terrorçuluq, radikallaşma və ekstremizmlə mübarizə üzrə məlumat və milli təcrübələrin bölüşülməsi, problemin həlli istiqamətində ATƏT iştirakçı dövlətlərinin qurumları arasında əməkdaşlıq, gənclərin radikallaşmasının qarşısının alınması, radikal gənclərin cəmiyyətə reinteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda iştirak edən Azərbaycan nümayəndəsi ölkəmizin terrorçuluqla mübarizəyə verdiyi töhfələrdən danışıb, ekstremizm və radikallaşmanın qarşısının alınması istiqamətində beynəlxalq dialoqun, dini tolerantlığın və xalqlararası anlaşmanın önəmini vurğulayıb. Buna misal olaraq, ölkəmizin təşəbbüskarı olduğu və mütəmadi qaydada ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər yüksək səviyyəli tədbirlər qeyd edilib. Ölkəmizin bu sahədə mövcud təcrübəsini paylaşmağa və əməkdaşlıq etməyə hazır olduğu diqqətə çatdırılıb. Konfrans çərçivəsində keçirilən panellərdə radikallaşma və ekstremizmin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.