SİYASƏT
Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb
Bakı, 10 noyabr, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına - Respublika Ordeninə layiq görülüb.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mükafat noyabrın 11-də təqdim ediləcək.
Moldovada Respublika Ordeni vətənin və cəmiyyətin inkişafı naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Vüqar Novruzov 1962-ci ildə Azərbaycanın Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldovada yaşayan V.Novruzov Moldova Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda “Azmol Kompany” şirkətinin baş direktorudur.
Vüqar Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Vüqar Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.