ELM VƏ TƏHSİL
Azərbaycan diasporunun fəalları Ulyanovsk məktəblilərini və müəllimləri Bilik Günü münasibətilə təbrik ediblər
Moskva, 6 sentyabr, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin (ÜAK URB) fəalları Heydər Əliyev adına 78 nömrəli orta məktəbin şagirdlərini və pedaqoqlarını Bilik Günü münasibətilə təbrik ediblər.
ÜAK URB-nin sədri İslam Hüseynov yeni tədris ilində məktəblilərə və valideynlərə, həmçinin məktəbin pedaqoji kollektivinə uğurlar arzulayıb. Ulyanovskun Azərbaycan diasporu adından uşaqlara dəftərxana ləvazimatı dəstləri təqdim edilib.
Məktəbin direktoru Gennadi Tsaryov təbriklərə və hədiyyələrə görə qonaqlara təşəkkür edib və öz növbəsində, ÜAK-ın regional bölməsinə millətlərarası münasibətlərin möhkəmlənməsi üzrə fəaliyyətini uğurla və səmərəli davam etdirməsini arzulayır. O deyib: “Çox şadam ki, məktəbimiz sizin kimi gözəl dostlar tapıb. Əminəm ki, qarşıda Ulyanovsk vilayəti naminə çoxlu birgə layihələrimiz və xeyirxah işlərimiz olacaq”.
Ənənəyə görə, təntənəli tədbirin sonunda ÜAK-ın Ulyanovsk regional bölməsinin üzvləri və məktəbin yuxarı sinif şagirdləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyublar.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə Ulyanovsk vilayətində ən iri humanitar layihələrdən biri həyata keçirilib – 78 nömrəli orta məktəbin binasında əsaslı təmir işləri aparılıb. Tədris müəssisəsinin ərazisində Azərbaycanın milli tarix və mədəniyyət muzeyi, habelə bazar günü məktəbi fəaliyyət göstərir. Keçən il 78 nömrəli məktəbə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva