SİYASƏT
Azərbaycan diasporunun nümayəndələri Türkiyə parlamentində görüş keçiriblər
Bakı, 11 iyun, AZƏRTAC
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurbanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) baş katibi İrfan Nəziroğlu ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə İrfan Nəziroğlu Azərbaycan diaspor nümayəndələrini TBMM-də görməkdən məmnunluğunu ifadə edib, dost və qardaş Azərbaycana hər zaman dəstək verməyə hazır olduğunu deyib.
Cəmiyyətin sədri Asif Qurban Türkiyə əleyhinə qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı kampaniyanın aparılmasından narahatlığını ifadə edib. O, Türkiyəni qondarma “soyqırımı” törətməkdə günahlandıranların yaxın tarixdə Azərbaycanın Xocalı şəhərində ermənilərin həyata keçirdiyi soyqırımını görməzdən gəldiyini xatırladıb: “Xocalı soyqımının canlı şahidləri həyatdadır, bu soyqırımını törədənlər hazırda Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılıb, onlar dövlətin rəhbərliyində təmsil olunurlar”.
A.Qurban azərbaycanlıların ağrı-acısını paylaşmaq məqsədilə TBMM-də canlı şahidlərin də iştirakı ilə Xocalı soyqırımına həsr edilən sessiyanın təşkil olunmasını baş katibdən xahiş edib.
İrfan Nəziroğlu belə bir müzakirənin faydalı olacağını və bunun üçün lazımi dəstək verəcəyini deyib.
Görüşdə Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin İdarə Heyətinin üzvləri Cavid Əliyev, Gülmira Kuruoğlu, Nurlanə Axundzadə Akfidan, Faiq İsayev, Fərid Novruzov və Vəfa Qurban iştirak ediblər.