ELM VƏ TƏHSİL
“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticələri aprelin 27-də bu qurumun internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 8 min 426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün iki abituriyentin imtahan nəticələri ləğv edilib.
İmtahanda iştirak edən 7 min 873 abituriyentdən 6 min 631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.