REGİONLAR


Azərbaycan dili milli dövlətçiliyimizin əsas atributlarından biridir

Naxçıvan, 24 may, AZƏRTAC

Ölkəmizdə, o cümlədən muxtar respublikada dövlət dil siyasəti uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyondan çox kitab verilib, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Naxçıvan” Universitetində “Azərbaycan dilçiliyi müasir dövrdə” mövzusunda keçirilən konfransda səsləndirilib.

Konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dil siyasətində də ulu öndər Heydər Əliyevin strateji kursuna sadiq qalaraq, onun siyasi xəttini dönmədən davam etdirir.

Tədbirdə “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri Qənirə Əsgərovanın, Arifə Zeynalovanın, Nicat Yaqubovun mövzu ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, Ümummilli Liderin diqqət və qayğısı ilə Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyətə malik olub. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Qürurverici haldır ki, dahi rəhbər tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları ölkəmizdə bu istiqamətdə işlərin davamlı və ardıcıl həyata keçirilməsinin təsdiqidir. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bu sahədə görüləcək vacib işlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaradıb. Eyni zamanda, sərəncamda Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri də öz əksini tapıb, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuraların yaradılması qərara alınıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, muxtar respublikada da dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması ən böyük milli dəyərimiz olan ana dilimizin saflığının qorunması, dilimizin imkanlarının təbliği baxımından əhəmiyyətli olub.

Konfrans işini diskussiya şəraitində davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.