ELM VƏ TƏHSİL
Azərbaycan dilinin kilsələrdə tədrisi
Bakı, 5 mart, AZƏRTAC
Dünyada gərginliyin artması fonunda Azərbaycan uğurlu multikulturalizm və tolerantlıq siyasəti aparan nümunə kimi qeyd olunur. Dövlət multikultural cəmiyyətin inkişafını hərtərəfli dəstəkləyir, mədəni müxtəlifliyinin qorunmasına və dinlərarası əməkdaşlığın təşviqinə qayğı göstərir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi A.Bayramovanın sözlərinə görə, ölkəmizdə milliyyətindən asılı olmayaraq bütün vətəndaşların cəlb edildikləri ideoloji, sosial, mədəni əhəmiyyət daşıyan müxtəlif layihələr həyata keçirilir. Təhsil və sosial əhəmiyyət kəsb edən belə təşəbbüslərdən biri də "Azərbaycan dilini öyrənirik" layihəsidir. Layihə millətlərarası, multikulturalizm və dini məsələləri üzrə Azərbaycan Respublikası Dövlət Müşavirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən həyata keçirilir. Kifayət qədər əlamətdar faktdır ki, layihədə Azərbaycan dili kursuna Rus pravoslav kilsələrində hərtərəfli dəstək verən Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyası da iştirak edir.
Bu layihə Prezident İlham Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan irəli gəlib.
Layihənin rəsmi açılış mərasimində Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbəri, arxiyepiskop Aleksandr, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi Xidmətinin nümayəndəsi Sərraf Hüseynov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müşaviri Aynur Bəşirli, kursun müəllimləri və ilk dinləyiciləri iştirak ediblər. Layihəyə bu cür hərtərəfli dəstəyin göstərilməsi ölkədə uğurlu multikulturalizm siyasətinin aparıldığını bir daha nümayiş etdirib.
Hazırda Azərbaycan dili kursları Bakıda Müqəddəs Məryəmin Miladı kilsəsində keçirilir. Layihənin auditoriyası yalnız kilsəni ziyarət edənlər deyil, eyni zamanda müxtəlif millətlərə və dinlərə məxsus rusdilli vətəndaşlardır. Kursa ilk mərhələdə 60-dan çox dinləyici yazılıb, iştirakçıların sayı durmadan artır. Dinləyicilər üçün ödənişsiz olan kursları aparan, Bakının ali və orta məktəblərinin rus bölmələrindən müsabiqə yolu ilə seçilən müəllimlərin əməkhaqqı Bilik Fondu tərəfindən ödənilir.
Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyası yalnız yer verməklə kifayətlənmir, kilsədə çalışanlar kurslara gəlmək istəyənlərin qeydiyyatını aparır və bununla da təşkilati işdə fəal iştirak edirlər.
Bu layihə cəmiyyətdə təhsil və biliyin səviyyəsinin artırılmasına, multikultural təhlükəsizliyinin qorunmasına və möhkəmlənməsinə, dünyada gedən proseslərin səbəb olduğu obyektiv çətinliklərin qarşısının alınmasına, ölkəmizin gələcək inkişafını sülh və əməkdaşlıq şəraitində qurmasını təmin etməyə istiqamətlənib.