MƏDƏNİYYƏT


Azərbaycan dilinin təkmilləşdirilməsi mövzusunda müzakirələr aparılıb

Bakı, 8 iyun, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan dilinin təkmilləşdirilməsi, qorunması və inkişafı mövzusunda tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin, AMEA-nın bir sıra institutlarının rəhbərlərinin və digər elm adamlarının iştirakı ilə keçirilən tədbirdə dövlət dilinin işlənməsi və fəaliyyəti ilə bağlı qanunvericilikdə və digər normativ hüquqi sənədlərdə müəyyən olunmuş tələblərin yerinə yetirilməsi, habelə bu istiqamətdə nəzarət mexanizminin formalaşdırılması, ölkədə dil quruculuğunun vəziyyəti, lüğət tərkibinin zənginləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Əvvəlcə həm yazılı, həm də şifahi dilin təzahür xüsusiyyətləri, qloballaşma şəraitində Azərbaycan dilinin problemləri barədə danışılıb. Xüsusilə orfoqrafiya qaydalarının, terminologiyanın vəziyyəti, kütləvi informasiya vasitələrinin dil və üslub xüsusiyyətləri barədə mülahizələr dinlənilib.

Müzakirələrdə orfoqrafiya və izahlı lüğətlərdə mövcud nöqsanların aradan qaldırılması üçün bu tipli ədəbiyyatların nəşrinin müvafiq təşkilatlarla razılaşdırılması, dil sahəsi üzrə ixtisaslaşmış funksional qurumlar tərəfindən bu yöndə aparılan işlərə ciddi nəzarətin edilməsi və “Nitq mədəniyyəti” fənninin təhsil müəssisələrində tədris olunması kimi mövzulara toxunulub.

Yekunda belə nəticəyə gəlinib ki, Azərbaycan dilinin saflığının qorunması mətbuatda, reklamlarda dövlət dilinin daha mükəmməl bir şəkildə işlənməsini, dil normalarına riayət olunmasını təmin etmək üçün konkret təkliflər işlənərək Mədəniyyət və Turizm Nazirliyində keçiriləcək növbəti toplantının müzakirəsinə verilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.