MƏDƏNİYYƏT


Azərbaycan dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır VİDEO

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. Bütün ömrünü mənsub olduğu millətin musiqisinin təbliğinə həsr etdi, yorulmadan, usanmadan, böyük şövqlə yaşadı, yaratdı. Əlindəki dirijor çubuğu ilə musiqinin sanki xəritəsini cızırdı. Onu “hava lövhəsində” elə izah edirdi ki, ən psixoloji, gərgin və mürəkkəb əsərləri belə dinləyici asanlıqla qavrayır, başa düşürdü. Musiqinin ritmində hansı məqamın insan əhvalına, ovqatına təsir imkanlarını müəyyənləşdirə bilirdi. Bu fitri istedadın nəticəsi idi ki, hər yerdə onu sevir, dinləyir və alqışlayırdılar.

Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun 104 yaşı tamam olur. İllər ötür, zaman dəyişir, sənətə yeni-yeni istedadlar gəlir, amma Niyazinin yeri hər zaman görünür.

Niyazi musiqiçi ailəsində dünyaya göz açıb. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın əsasını qoyanlardan biri, əmisi Üzeyir Hacıbəyli isə dahi bəstəkar idi. Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilmiş “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edib. Maestronun ömrünün sonunadək davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə qiymətli səhifələr yazıb.

Azərbaycan dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Əksər bəstəkarlarımızın əsərlərinin partituraları onun əlindən keçib, məhz maestronun dirijorluğundan sonra onlar öz uğurlarını və qüsurlarını başa düşüblər. Maestro Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. O, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında uğurlar qazanıb.

Qeyd edək ki, 1963-cü ildə ilk dəfə olaraq Türkiyə bəstəkarları Adnan Sayqunun və Camal Erkinin Bakıda, sonra Moskvada keçirilən yaradıcılıq gecələrində maestro Niyazi dirijorluq edib.

Niyazinin ifaçılıq fəaliyyəti əsasən Azərbaycan Dövlət Akademik Opera və Balet, Leninqrad Opera və Balet teatrları və Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı olub. “Humayun” xalq çalğı alətləri ansamblı məhz Niyazinin təşəbbüsü ilə yaradılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərin əvvəllərindən başlayaraq hər ayın cümə günləri maestro Niyazi Azərbaycan Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil edib.

Maestro Niyazi bəstəkar kimi də uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Rabindranat Taqorun “Çitranqoda” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. Güclü emosional təsiri, zəngin melodiyası ilə fərqlənən “Rast” simfonik muğamı Çexiyada “Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. “Xosrov və Şirin” operası psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Niyazi, həmçinin bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazıb. O, Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və digər əsərlərinin yeni redaksiyalarını hazırlayıb, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb.

Niyazi sənəti Dmitri Şostakoviç, Bülent Tarcan, Vatslav Dobiaş və başqa sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitri Şostakoviç deyib: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var”.

Maestronun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Niyazinin anadan olmasının 90 və 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində qeyd olunub.

Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla yanaşı çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək: “Ruhun şad olsun, ustad!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.