Azərbaycan dostluq, əməkdaşlıq və dialoq məkanına çevrilib
Kürdəmir, 21 dekabr, AZƏRTAC
Cari ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, bununla əlaqədar keçirilən beynəlxalq tədbirlər müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsində xüsusi önəm kəsb edir. Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə, mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, Qərblə İslam dünyası arasında bir körpü, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən məkandır. Bu gün Azərbaycan qitələrarası dostluq, əməkdaşlıq, dialoq məkanına çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib.
M.Əzimov adına Atakişili kənd tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini radikalizm meyillərinin gücləndiyi bir vaxtda gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıblar. Müasir dünyamızı başına alan qanlı qarşıdurmaların daha çox müsəlman ölkələrini əhatə etdiyini vurğulayan çıxışçılar bunun əsas səbəblərindən biri kimi İslam dininə sitayiş edənlər arasında parçalanmanın mövcud olmasını göstəriblər.
Maarifləndirici tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin əməkdaşı Seymur Müslümov, polis şöbəsinin əməkdaşı Asif Əhmədov və başqaları çıxışlarında dövlət-din münasibətlərindən, yeniyetmə və gənclərin dini maarifləndirilməsindən, xalqımızın tolerantlıq ənənələrindən, bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən bəhs ediblər.