ORDU
Azərbaycan dövləti əsgər taleyinə heç vaxt biganə qalmır
Şəhid Çingiz Qurbanovun nəşinin geri alınması üçün Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən səylər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində şəhid Çingiz Qurbanovun nəşinin geri alınması dövlətimizin əsgər taleyinə heç vaxt biganə qalmadığının daha bir göstəricisidir.
Xəbər verildiyi kimi, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş Çingiz Salman oğlu Qurbanovun cəsədi düşmən əlinə keçmişdi. Ermənistan tərəfi müxtəlif bəhanələrlə, heç bir hərbi və mənəvi qanunlara məhəl qoymadan onun geri qaytarılmasını yubadırdı. Ancaq inanırdıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin səyləri nəticəsində igid əsgərimizin cəsədi geri alınacaq.
Dövlətimizin başçısının tapşırığına əsasən, bir sıra qurumların həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində Ermənistan tərəfi fevralın 5-də qəhrəman əsgərimizin nəşini geri qaytarmağa məcbur oldu və şəhidimiz son mənzilə yola salındı. İctimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan bu addımın həm də gənclərin hərbi vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyəti var.
Çingizin qısa ömrü və Vətən uğrunda göstərdiyi rəşadət bütün gənclər üçün örnəkdir. Şəhidimizin yaxınlarına başsağlığı verməklə yanaşı, insanlar onun valideynlərinə minnətdarlığını da çatdırırdılar. Sağ olsunlar ki, Vətən üçün belə qəhrəman böyüdüblər. Onların verdiyi tərbiyə, aşıladıqları mənəviyyat Çingizi şəhidlik zirvəsinə ucaltdı.
Cəbhə xəttində düşmənlə mübarizədə hər bir itki bizi sarsıdır, ağrıdır. Ancaq nəzərə almalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Çingiz kimi igidlərimiz öz qəhrəmanlığı ilə düşmənə sübut edirlər ki, Azərbaycan xalqının döyüş əzmi yenilməzdir, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hazırdır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə şəhid əsgər Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi, onun cəsədinin hərbi ehtiram qaydalarına uyğun olaraq qarşılanaraq yola salınması, Qusarda Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə dəfn edilməsi ölkəmizdə qəhrəmanlarımıza göstərilən böyük hörmət və ehtiramın bariz təcəssümüdür.
Çingiz Qurbanov özü üç düşməni məhv etdi, onun qisası döyüşçü dostları tərəfindən artıqlaması ilə alındı. Əminəm ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq.
Bu gün ordumuzda böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları ilə yanaşı, böyük ruh yüksəkliyi və döyüş əzmi hökm sürür. Çünki bizim işimiz haqq işidir. Gün gələcək şəhidlərimizin canlarından keçdiyi amal uğrunda bütün Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə döyüşə atılaraq torpaqlarımızı işğaldan azad edəcək, ərazi bütövlüyümüz bərpa olunacaq. Heç kəs buna şübhə etməsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İsa İsmayılov
Hərbi jurnalist