QAN YADDAŞI
Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxasındadır
Tbilisi, 25 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti Gürcüstanda yaşayan azərbaycanlılara, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına böyük önəm verir. Dövlətimiz dünyanın istənilən bölgəsində yaşayan hər bir azərbaycanlının arxasındadır.
Bu sözləri Azərbaycan Milli Məclisinin Gürcüstanda səfərdə olan deputatı Elman Məmmədov Xocalı soyqırımı zamanı 20 nəfər yaxınını itirmiş Kətan Ələkbərovanın ailə üzvləri ilə görüşdə söyləyib.
Elman Məmmədov deyib ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində misli görünməmiş cinayətlər törədiblər. Xocalı faciəsi bu cinayətlərin ən dəhşətlisi idi. Xocalıda elə bir ailə tapılmaz ki, yaxınını, əzizini itirməsin. Kətan xanımın yaxınlarından 20 nəfər Xocalıda şəhid olub. O, 1947-ci ildə Gürcüstana gəlsə də ürəyi daim Xocalı ilə döyünüb. Onun yaxınları Xocalının müdafiəsində, əsir və girov götürülmüş insanların azad olunmasında xüsusi igidlik göstəriblər. Azərbaycan xalqı onların xatirəsini daim əziz tutur.
Doxsan yaşlı Kətan Ələkbərova Azərbaycan dövlətinin qayğısını daim hiss etdiklərini, Milli Məclisin deputatının onlara baş çəkməsini yüksək qiymətləndirib. Ailə üzvləri Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması üçün bu gün də döyüşə hazır olduqlarını bildiriblər.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin üzvləri, eləcə də Tbilisinin müxtəlif universitetlərində təhsil alan tələbələr də iştirak ediblər.
Qeyd edək ki, deputat Elman Məmmədov Gürcüstana səfəri çərçivəsində bu ölkənin parlamentində, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində görüşlər keçirib. O, görüşlərdə ikitərəfli münasibətlərimizin inkişafını, Xocalı soyqırımı ilə bağlı məsələləri müzakirə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi