REGİONLAR
Azərbaycan dünyada ən tolerant ölkə kimi tanınır
Lerik, 12 iyul, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, din xadimlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev Lerikdə mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycan dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi kimi tanınır.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının mövzu ilə bağlı məruzəsi dinlənilib.
S.Salahlı bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Son illər ölkəmizdə bu mövzuda müxtəlif beynəlxalq tədbirlərin, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Tədbirdə Lerik şəhər “Cümə” məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi İlham Əliyev, şəhər peşə məktəbinin direktoru, tarixçi Hüseynbala Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, ağsaqqal Musa Bədəlov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək həmişə dövlətçiliyə, dini və milli adət-ənənələrə sadiq olan Lerikdə tam dini sabitliyin olduğunu vurğulayıb, Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin yayılmasının qarşısının alınmasının daim nəzarətdə saxlanıldığını bildiriblər.