SİYASƏT


Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır

A+ A

Bakı, 22 noyabr, Günel Məlikova, AZƏRTAC 

Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov forumun məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji abidələr, Qarabağ tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması, Avropa mediası ilə əməkdaşlığın qurulması və bu qitənin elmi gəncliyi vasitəsilə təbliğatın daha da genişləndirilməsidir.

Tədbirin mahiyyətindən danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev mövzu ilə bağlı ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan dünyada enerji resursları ilə zəngin dövlət olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanınır. Əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi ölkədə multikulturalizmin yaranmasına səbəb olub. Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh, dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkana çevirib.

Diqqətə çatdırılıb ki, bu gün ölkəmizin ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli Liderin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və inkişafını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviqi məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və 2016-cı il respublikamızda “Multikulturalizm ili” elan olunub. Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya nümunə olduğunu deyən sektor müdiri vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmur. O, Azərbaycanda səfərdə olan avropalı gənc alimlərə erməni vandalizm ilə bağlı ciddi araşdırmalar aparmağı tövsiyə edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən danışıb. Bildirilib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə “dünya bizim evimizdir” prinsipini rəhbər tutub. Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur.

Q.Paşayeva işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi barədə məlumat verib.

Digər çıxış edənlər ölkəmizdəki mövcud tolerantlıq ənənələrindən danışıblar. Diqqətə çatdırılıb ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Forum noyabrın 23-24-də işini Gəncədə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.