CƏMİYYƏT


“Azərbaycan ədəbiyyatında Qusar mövzusu” kitabı dəyərli tədqiqat əsəridir

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Qusar şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bu bölgədə yaşayıb-yaradan tanınmış şair, jurnalist, tərcüməçi və publisist Həsən Xasıyevin “Azərbaycan ədəbiyyatında Qusar mövzusu” kitabının təqdimatı keçirilib.

Tədbirdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla təmsil etdiyi qurumun kitab təbliği sahəsində maarifçilik fəaliyyəti, ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində bölgələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. H.Xasıyevin ömür yolundan, yaradıcılığından danışan H.Abdulla vurğulayıb ki, tədbir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi ilə təşkil olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qusar rayon Mərkəzi Kitabxanasının direktoru Zahir Mustafayev və başqaları on kitabın müəllifi olan H.Xasıyevin yaradıcılıq yolundan, son kitabının məziyyətlərindən, Azərbaycan ədəbiyyatının zənginləşməsində ləzgi şair və yazıçılarının töhfələrindən bəhs ediblər. Natiqlər kitabın dəyərli tədqiqat əsəri olduğunu faktlarla təsdiqləyiblər.

Sonra H.Xasıyev ona və yaradıcılığına göstərilən diqqətə görə akademik K.Abdullayevə, Bilik Fondunun və rayon icra hakimiyyətinin rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.

Sonda tədbir iştirakçıları H.Xasıyevin yaradıcılıq yolunu əks etdirən kitab və məqalələrdən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.