ELM VƏ TƏHSİL
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında professor Əli Sultanlının mühüm xidmətləri olub
Bakı, 29 dekabr, P.İmanova, G.Mahmudlu, AZƏRTAC
Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ədəbiyyat İnstitutunda “Elektron oxu zalı”nın açılışı olub.
İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli görkəmli alimin səmərəli elmi fəaliyyətindən, ədəbiyyatşünaslığın inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Qərbi Avropa ədəbiyyatının tədqiqi, tədrisi və nəşri sahəsində əvəzsiz xidmətləri olan Ə.Sultanlı xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Görkəmli alim “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyatı müntəxəbatı” dərsliklərinin, “Azərbaycan dramaturgiyasının inkişaf yolları”, “Nizami və Qərbi Avropa ədəbiyyatı” və digər sanballı əsərlərin müəllifi kimi şöhrət qazanıb. O, Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Ə.Sultanlı, eyni zamanda, ali məktəblərimiz üçün ilk Qərb və dünya ədəbiyyatı kurslarının yaradıcısı, ötən əsrdə dünya klassikasını xalqımızın milli-mənəvi sərvətləri xəzinəsinə çevirməkdə bənzərsiz xidməti olan görkəmli pedaqoq, ədəbiyyatşünas alimdir.
Akademik İ.Həbibbəyli qeyd edib ki, görkəmli alimin yaradıcılığında əsas yeri “Azərbaycan dramaturgiyasının inkişaf yolları” əsəri tutur. Ə.Sultanlı bu əsərdə ilk dəfə Azərbaycan dramaturgiyasının elmi tarixini qələmə alıb. Ayrı-ayrı icmal və oçerk şəklində yazılmış əsər bu gün də ədəbiyyatımızın ən dəyərli nümunələrindəndir.
Tədbirdə professor Zaman Əsgərlinin “Əli Sultanlının həyat və yaradıcılığı”, institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı Leyla Ramazanovanın “Əli Sultanlının müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Ə.Sultanlının səmərəli elmi, pedaqoji fəaliyyətindən, ali məktəblərdə ədəbiyyat kurslarının yaradıcısı kimi mühüm xidmətlərindən bəhs edilib.
Çıxış edənlər uzun müddət Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) fəaliyyət göstərmiş, Azərbaycan dramaturgiyasının tədqiqatçısı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğatçısı olan Əli Sultanlının səmərəli elmi yaradıcılığından söz açıblar.