CƏMİYYƏT
Azərbaycan ədliyyəsi daha da müasirləşərək yeni-yeni uğurlara imza atır
Bakı, 23 noyabr, AZƏRTAC
Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan ədliyyəsi və müasir gənclik” mövzusunda tədbir keçirilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini xatırladıb. Bildirilib ki, əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 98 il ötür. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb.
Ulu Öndərin qanunun aliliyinə, ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirdiyini deyən İ.Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli Liderin ideya və amallarını davam etdirərək ölkəmizi ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxarıb.
Sonra Yasamal rayon qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova çıxış edərək ölkəmizdə ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirildiyini, qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu deyib.
Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, açıq hökumət prinsiplərinin və yeni texnologiyaların tətbiqi istiqamətində əsaslı tədbirlər görüldüyünü, qeydiyyat prosedurlarının artıq avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirildiyini bildirib. O, ölkə başçısının tövsiyələrinə uyğun olaraq ədliyyə orqanları tərəfindən vətəndaşlara öz hüquqlarının həyata keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Milli Məclisin deputatı Elşad Həsənov, Yasamal rayon prokuroru Rasim Hacıyev ədliyyə orqanlarının cəmiyyətimizdə rolunu və şəffaf fəaliyyətini vurğulayıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulayıblar.
Tədbirdə iştirakçılara Yasamal rayon qeydiyyat şöbəsində nikahın və doğumun qeydiyyatının aparılmasını canlı bağlantı vasitəsilə izləmək imkanı da yaradılıb.
Sonra Bakı Dövlət Universitetinin hüquqşünas tələbələrinə informasiya xarakterli bukletlər təqdim olunub. Həmçinin Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.