İQTİSADİYYAT
Azərbaycan elektroenergetika sisteminin inkişafının əsası Heydər Əliyev tərəfindən qoyulub
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan elektroenergetika sisteminin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu fikri "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar "Heydər Əliyev ideyaları ilə yeni strateji hədəflərə doğru" mövzusunda keçirilən tədbirdə səsləndirib.
"Azərenerji" ASC-nin prezidenti qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki mərhələdə, həm sovet, həm də müstəqillik dövründə öz müqayisəolunmaz və təkrarolunmaz fəaliyyəti ilə Azərbaycanın çiçəklənməsi üçün misilsiz işlər görüb və əvəzsiz xidmətlər göstərib. Respublikanın hərtərəfli, davamlı tərəqqisi üçün fundamental baza yaradıb və icra mexanizmi formalaşdırıb. Müasir Azərbaycanın qurucusu, inkişafın milli modelinin müəllifi ümummilli lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə ictimai-siyasi və makro-iqtisadi sabitliyə nail olunub. Bütün sahələrdə köklü islahatlar aparılıb və hər bir sahənin inkişafı üçün möhkəm təməl yaradılıb. Məhz bu mükəmməl strategiya sayəsində böyük uğurlar qazanılıb.
E.Pirverdiyev diqqətə çatdırıb ki, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir infrastrukturun yaradılması, yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəlməsinə və əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub. Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış geniş imkanlar hesabına Azərbaycan artıq ötən əsrin 70-ci illərindən nəinki özünü elektrik enerjisi ilə tam təmin etməyə, həm də qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə başlayıb. Ulu Öndərin polad iradəsi sayəsində vaxtilə "Azərbaycan" İES-in tikilib istifadəyə verildiyini vurğulayan E.Pirverdiyev bu stansiyanın təkcə enerji sistemi üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatı və bugünkü müstəqillik üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
ASC-nin prezidenti hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən və yeni hədəflərə hesablanmış dərin islahatlar strategiyasının Azərbaycanın davamlı və dinamik inkişafını təmin etdiyini və ölkəmizin kompleks şəkildə öz yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Məclisin deputatı Aydın Mirzəzadə müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü əvəzsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında böyük rol oynadığını diqqətə çatdırıblar. Bildirilib ki, Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlara imza atıb. Ölkəmiz bazar iqtisadiyyatına uğurla transformasiya edib, bu məqsədlə geniş siyasi və iqtisadi islahatlar həyata keçirilib.
Sonda "Azərenerji" ASC-nin Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən filmi nümayiş olunub.