İQTİSADİYYAT


Azərbaycan elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələrinə qoşulacaq

Tbilisi, 7 iyun, AZƏRTAC

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı Azərbaycana elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələrinə qoşulmağı təklif edib.

İyunun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisində iştirak edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto ilə görüşüb.

Aydın Əliyev Umberto de Prettonu baş katib seçilməsi münasibətilə təbrik edib və Azərbaycanla İRU arasındakı uzunmüddətli əlaqələrdən söz açıb.

Komitə sədri Azərbaycanın gömrük sistemi, mövcud qanunvericilik bazası, habelə ölkəmizin iqtisadi inkişafı, turizm imkanları, beynəlxalq kommunikasiya sistemindəki yeri və rolu barədə ətraflı məlumat verib.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələrindən bəhs edib və bu layihələrin artıq İran və Türkiyədə uğurla reallaşdırıldığını vurğulayıb. Umberto de Pretto adıçəkilən layihələr çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını bildirib.

e-TİR və e-SMR layihələrinə qoşulmaq barədə verilən təklifi müsbət dəyərləndirən DGK sədri Aydın Əliyev Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı respublikamızda həyata keçirdiyi islahatlar və layihələr barədə ətraflı məlumat verib, ölkə başçısının reallaşdırdığı proqramlar çərçivəsində Azərbaycanın tranzit potensialının artırılması, ölkəmiz vasitəsilə tranzit daşımaların asan və maneəsiz həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Prettonu ölkəmizə rəsmi səfərə dəvət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.