ELM VƏ TƏHSİL
Azərbaycan elmi Avropa məkanında
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları Avropa Komissiyasının “Qara dəniz regionunda tədqiqat və texnoloji inkişaf üzrə yeddinci çərçivə proqramı”nda həyata keçirdiyi birgə layihələrin müştərək pilot müsabiqəsində iştirak etmişlər.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, Avropa ölkələrinin təmsil olunduğu müsabiqənin qalibləri sırasında AzTU-nun “Qara dəniz regionunda neft və qazın nəqlində istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi” layihəsi də vardır.
Layihənin əlaqələndiricisi, AzTU-nun “Texniki mexanika kafedrası”nın professoru Valeh Baxşəliyev bildirmişdir ki, layihə neft-qaz sənayesinin maşın və avadanlığının keyfiyyət göstəricilərinin yüksəldilməsini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasını nəzərdə tutur.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş beynəlxalq konfransda V.Baxşəliyev Cənubi Qafqaz ölkələrindən təqdim olunan bu yeganə layihə barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qoşulduğu bu beynəlxalq qrant müsabiqəsində Azərbaycan ilə yanaşı, Almaniya, Bolqarıstan, Rumıniya və Yunanıstanın təqdim etdiyi layihələr də qalib hesab edilmişdir.