CƏMİYYƏT
Azərbaycan elmi Şərqin çırağı olacaq
Oktyabrın 25-də “Elm çırağı” İctimai Birliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzinin binasında “Müasir elmin problemləri: proqnozlar və gözləntilər” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nı açan İctimai Birliyin sədri, professor Naidə Məmmədxanova müzakirə edilən mövzunun əhəmiyyətindən danışıb.
Bildirib ki, “Elm çırağı” İctimai Birliyinin başlıca məqsədi cəmiyyətdə elmə və mədəniyyətə marağı artırmaq, habelə elmi seminarlar və kütləvi tədbirlər vasitəsilə əhalini maarifləndirməkdir. Birliyin məqsədləri sırasında Azərbaycanın və xarici ölkələrin təhsil, elm və mədəniyyət müəssisələri, habelə diplomatik missiyaların və diasporun nümayəndələri ilə əməkdaşlığa, istedadlı gənclərin qurumun sıralarına cəlb olunmasına, regional və beynəlxalq layihələrin həyata keçirilməsinə xüsusi yer ayrılır.
İndiyədək İctimai Birlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən səfirliklərin iştirakı ilə elmi seminarlar, mütəmadi “dəyirmi masa”lar təşkil olunub.
“Dəyirmi masa”da çıxış edən Azərbaycan Dillər Universitetinin Azərbaycan dili kafedrasının professoru, ilin müəllimi Adil Babayev, Bakı Slavyan Universitetinin ümumi dilçilik kafedrasının professoru Aslan Məmmədli, Milli Elmlər Akademiyasının kafedra müdiri, professor Səidə İbrahimova və başqaları elmin inkişafında dillərin öyrənilməsinin vacibliyindən, tədqiqat mövzusu seçilərkən aktual problemlərə daha çox yer ayrılmasının əhəmiyyətindən danışıblar.
Çıxışlarda fundamental əsərlərin yazılmasına ehtiyac olduğu bildirilib, Azərbaycan elminin böyük gələcəyinə, Şərqin yanan çırağı olacağına inam ifadə edilib.
Tədbir fikir mübadiləsi ilə davam etdirilib.