ELM VƏ TƏHSİL


Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 8 dekabr, P.İmanova, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində “Heydər Əliyev: zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, Ulu Öndərin siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb. Bildirilib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində tarixi addımlar atıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyev Azərbaycan elminin, təhsilinin inkişafında böyük xidmətlər göstərib.

Qeyd edilib ki, Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınıb, torpaqların işğalı dayandırılıb, respublikanın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb.

Akademik A.Əlizadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil ölkəmizin daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun “Ulu Öndər və böyük xilaskar” mövzusunda məruzəsi dinlənilib. F.Heydərov Ulu Öndərin çoxcəhətli və zəngin ictimai-siyasi fəaliyyətindən, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrdə müdrik və məqsədyönlü siyasətindən, respublikamızın sürətli inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan söz açıb. Ulu Öndərin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan danışan F.Heydərov bildirib ki, dahi rəhbər Heydər Əliyev siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq millətimizi, ölkəni məhv olmaqdan qurtardı və dünyaya ölkəmizin birliyini nümayiş etdirdi. Qısa vaxtda Azərbaycanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olmuş ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Ulu Öndər ilə bağlı xatirələrini bölüşən F.Heydərov görkəmli dövlət xadiminin böyük siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə məlumat verib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan elmi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzəsində bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycan elminin, təhsilinin inkişafında böyük xidmətlər göstərib. İ.Həbibbəyli AMEA-nın bugünkü fəaliyyətində Ulu Öndərin böyük xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin, AMEA-nın yeni inkişaf mərhələsi başlanıb. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli-mənəvi dəyərlərinin tədqiqi istiqamətində araşdırmaların aparılmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə akademiyanın mühüm elmi problemlərinin həllində, alimlərin mükafatlandırılmasında, onların dünya elminin ön sıralarında mövqe tutmasında, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmi işçilərin rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, bu sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, Ulu Öndər hər zaman gənclərin ölkənin ictimai-siyasi həyatında və müxtəlif sahələrdə fəal iştirakına diqqət və qayğı ilə yanaşıb. Müdrik rəhbər Heydər Əliyev fevralın 2-sini Azərbaycanda Gənclər Günü elan edib. Bu gün də Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.