REGİONLAR
Azərbaycan ərazisində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib
Azərbaycan ərazisində “quş qripi” ilə bağlı keçirilən növbəti monitorinq başa çatıb.
Oktyabrın 20-dən başlanmış monitorinq zamanı seçmə üsulla ovlanmış 18 baş çöl və 5 baş ev quşunun patoloji materialları, habelə ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1741 baş ev quşunun qan nümunələri respublika baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmış nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.