REGİONLAR
Azərbaycan ərazisində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan ərazisində “quş qripi” ilə bağlı keçirilən növbəti monitorinq başa çatıb.
Noyabrın 17-dən başlanmış monitorinq zamanı seçmə üsulla ovlanmış 34 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1488 baş ev quşunun qan nümunələri respublika baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmış nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdıqları Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəmizdə “quş qripi” xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yaz fəslində aparılmasını nəzərdə tutur.
Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.